Deluxe Park Qusar Resort & Spa
Dağ havası, sakitlik və rahatlıq axtarırsınızsa, Deluxe Park Qusar Resort & Spa bunun üçün ideal seçimdir. Şahdağ xizək kurortuna yaxın yerləşən bu 4 ulduzlu hotel ilin istənilən fəslində həm aktiv istirahət, həm də tam dincəlmək üçün gözəl şərait yaradır. Bütün otaqlar Böyük Qafqazın dağ mənzərəsinə açılır və rahatlığınız üçün lazım olan hər şeylə təchiz olunub. Geniş otaqlar, müasir interyer və sakit atmosfer burada özünüzü evdəki kimi hiss etməyə imkan verir. Gününüzə zəngin bufet səhər yeməyi ilə başlayın, daha sonra isə Yaxın Şərq, türk və Azərbaycan mətbəxinin seçilən dadlarını təqdim edən restoranda nahar və ya şam yeməyinin dadını çıxarın. Vegetarian, halal və vegan seçimləri də mövcuddur. İstirahətinizi SPA mərkəzində davam etdirə, qapalı hovuzda üzə, saunada və hamamda dincələ və ya fitnes zalında məşq edə bilərsiniz. Uşaqlar üçün oyun meydançası, böyüklər üçün isə stolüstü tennis, bilyard, boulinq və müxtəlif əyləncə imkanları da təqdim olunur. İstər qışda Şahdağda xizək sürmək, istərsə də yayda dağların sərinliyindən zövq almaq istəyin Deluxe Park Qusar Resort & Spa istirahətinizi daha rahat və yaddaqalan edəcək. Gecəsi 150–400 AZN aralığında dəyişən bu hotel, təbiətlə baş-başa qalmaq istəyən qonaqlar üçün rahat bir seçimdir.
Hill Park Gusar
Şahdağa gedən yolun üzərində, çayın sahilində yerləşən Hill Park Gusar təbiətlə harmoniyada istirahət etmək istəyənlər üçün gözəl seçimdir. Burada səhərlər dağ havası ilə başlayır, axşamlar isə çayın sakit səsi bütün yorğunluğu arxada qoymağa kömək edir. Müasir üslubda dizayn edilmiş otaqlar rahatlıq və zərifliyi bir araya gətirir. Balkonunuzdan açılan Böyük Qafqaz mənzərəsi isə burada keçirdiyiniz hər anı daha xüsusi edir. İstər Şahdağda aktiv istirahət planlaşdırın, istərsə də sadəcə şəhərdən uzaqlaşıb dincəlmək istəyin, Hill Park Gusar sizə rahat, sakit və unudulmaz bir istirahət vəd edir. Gecəsi 140–340 AZN arasında dəyişən bu hotel, dağlarda komfortlu istirahət axtaranlar üçün uyğundur.
Shahdag & Spa Hotel
Dağ havası, sakitlik və rahatlıq bir araya gələndə istirahət də tamam başqa mənzərə alır. Shahdag Hotel & Spa məhz belə bir məkandır – burada təbiətin gözəlliyi müasir rahatlıqla ahəng təşkil edir. Hotelin 173 geniş otaq və suiti (Superior, Junior Suite, Suite və Presidential Suite) həm ailəvi istirahət, həm romantik həftəsonu, həm də dağlarda rahat bir fasilə üçün ideal seçimdir. Böyük pəncərələrdən açılan mənzərələr isə Şahdağın hər fəslini fərqli gözəllikdə yaşamağa imkan verir. İstirahətinizi daha da xüsusi etmək istəyirsinizsə, Azərbaycanın dağ bölgəsində yerləşən ən böyük SPA mərkəzlərindən biri olan Ovdan Spa sizi gözləyir. 3000 kvadratmetrlik məkanda üzgüçülük hovuzu, türk hamamı, sauna, müxtəlif masaj və üz baxımı prosedurları, həmçinin yoqa məşğələləri təqdim olunur. Gecəsi 165 AZN-dən başlayan olan bu hoteldə, ailəvi istirahət üçün zəngin imkanlar var.

Pik Palace
Yayın istisindən uzaqlaşıb dağların sərin nəfəsini hiss etmək istəyirsinizsə, “Pik Palace Shahdag” sizi tamam başqa bir istirahətə dəvət edir. Şahdağın ətəyində yerləşən bu 5 ulduzlu hotel rahatlıq, zəriflik və dağ təbiətini bir araya gətirir. Geniş otaqlar və ailələr üçün nəzərdə tutulmuş birləşən suitlər sayəsində hər kəs özünü rahat hiss edir. Balkonunuzdan açılan dağ mənzərəsi isə günə başlamağın ən gözəl yollarından biridir. Burada səhərlər tələsməyə ehtiyac yoxdur. Səhər yeməyi saat 11:00-a qədər təqdim olunur və zəngin menyuda həm Avropa mətbəxinin sevilən dadları, həm də Hindistan mətbəxindən xüsusi seçimlər yer alır. 16 yaşadək uşaqlar valideynləri ilə birlikdə ödənişsiz qala bilirlər ki, bu da ailəvi istirahəti daha rahat edir. İstirahətinizi açıq havada yerləşən 35°C qızdırılan hovuzda davam etdirə, Balinese SPA prosedurları ilə yenilənə və ya Şahdağın dağ cığırlarında gəzintiyə çıxa bilərsiniz. Adrenalin sevənlər üçün isə “Mountain Coaster”ə VIP giriş vaxt itirmədən əyləncəyə başlamaq imkanı yaradır. Gecəsi 208–3562 AZN arasında dəyişən bu hotel, dəbdəbəli dağ istirahəti axtaranlar üçündür.

Park Chalet
Əgər dağ istirahətini sevirsinizsə, Park Chalet Shahdag sizi ilk addımdan fərqli bir atmosferlə qarşılayacaq. İsveçrə dağ evlərindən ilhamlanan memarlığı, taxtanın istiliyini hiss etdirən interyeri və Böyük Qafqazın möhtəşəm mənzərələri bu hoteli Şahdağın ən fərqli ünvanlarından birinə çevirir. Hotelin 164 otağı rahatlıq və zərifliyi bir araya gətirir. Təbii materiallardan istifadə olunan interyer, yumşaq rəng çalarları və böyük pəncərələr dağların gözəlliyini otağınızın bir hissəsinə çevirir. Gününüzü dağ gəzintisi və ya xizək macərası ilə keçirdikdən sonra SPA mərkəzində dincələ, fitnes zalında məşq edə və ya restoranın rahat atmosferində peşəkar aşpazların hazırladığı yeməklərin dadını çıxara bilərsiniz. Gecəsi 212 AZN-dən başlayan bu hotel, sakitlik və komfort axtaranlar üçün münasibdir.
Hotel seçərkən nəyə diqqət etməliyik
Gözəl şəkillər hər şeyi demir. Hotel seçərkən bu məqamlara mütləq diqqət yetirin:
- • Yeri: Gəzməli və görməli yerlərə nə qədər yaxındır? Nəqliyyata çıxış rahatlığı varmı?
- • Rəylər: Booking, Google, TripAdvisor kimi ən az 3 platformada real qonaq rəylərinə baxın. Şəkilləri deyil, şikayətləri oxuyun.
- • Rezervasiya şərtləri: Pulunuzu itirməmək üçün ödəniş və ləğvetmə siyasətini mütləq yoxlayın.
- • Mövsüm: Aktual mövsümdə (iyun–avqust, bayram günləri) erkən bron etmək vacibdir, xüsusilə Qusar üçün.
- • Qiymətə daxil xidmətlər: Səhər yeməyi daxildirmi? Transfer varmı? Parklanması varmı? Bu məqamlar ümumi xərclərə təsir edir.
Qusarda hotel qiymətləri
Seçim üçün bir neçə hotelin adını qeyd etdik, lakin siz istəsəniz BOOKING.COM veb-saytından daha ətraflı axtarış apara bilərsiniz. Qusarda gecəsi 140 AZN-dən başlayaraq 3500 AZN-dək zəngin hotel seçimi var. Qiymətlər mövsümə, həftəsonu və bayram günlərinə görə dəyişə bilər. Ona görə də qiymətləri əvvəlcədən dəqiqləşdirin.